Xəbər verdiyimiz kimi, aprelin 11-də Milli Məclisin regional məsələlər komitəsinin iclasında "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib.
Dəyişikliyə əsasən qanunun 5.4-cü maddəsi dəyişdirilərək yeni redaksiyada veriləcək. Belə ki, təklif edilən dəyişikliyə əsasən “bələdiyyələrə ödənilən fiziki şəxslərin torpaq və əmlak vergisinin hesablanması və tutulması məqsədilə müvafiq bələdiyyənin təşkil edildiyi ərazi vahidləri hüdudlarında mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin ölçüləri, ünvanı, onların mülkiyyətçiləri olan fiziki şəxslər, habelə fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan torpaq sahələrinin ölçüləri və ünvanı barədə məlumatlar həmin bələdiyyə tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində ödənişsiz əldə edilir.”
Bəs bu dəyişiklik bələdiyyələrə nə verəcək?
Belediyye.infonun sualını cavablandıran Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov bildirib ki, şəhər bələdiyyələrinin əksəriyyətinin büdcə gəlirlərinin əsas istiqaməti əmlak vergisindən formalaşır.
Nəsimi bələdiyyəsi əmlak vergisinin həcmini son iki il ərzində dotasiyasız iki dəfədən çox artırıb. Belə ki, iki il əvvəl ümumi mənzil fondundan yalnız 14 faizi vergiyə cəlb edilmişdisə, bu gün bu rəqəm 28 faizə çatıb. Ötən il ərzində bələdiyyə tərəfindən 334000 manat əmlak vergisi yığlıb. Halbuki iki il əvvəl bu rəqəm 200 min manata çatmırdı. Ölkəmizdə ilk olaraq stasionar ödəniş terminallarından və “online” ödənişi Nəsimi bələdiyyəsi tətbiq edib. Bu gün əldə edilən vəsaitin demək olar ki, yarıdan çoxu məhz bu ödəniş versiyaları ilə daxil olur.
Sədrin sözlərinə görə, hazırda rayon ərazisində 51000-dən artıq təsərrüfat subyekti vardır. Bu rəqəmin təxminən 10.500-nə güzəşt tətbiq edilir. Qalan 40.500 təsərrüfat subyektinin 15.500-də yaşayış var lakin çıxarış yoxdur. Cıxarışı olan 25.000 təsərrüfatın 11.500-ü vergiyə cəlb edilib. Lakin 13.500 isə vergiyə cəlb olduqları halda vergini ödəmirlər. Bunun da əsas səbəbini intizamsızlıq hesab etmək olar. Belə hallarda məhkəmələrə və yaxud icra şöbələrinə üz tuturuq. Müvafiq sənədlər əlimizdə olarsa, təxminən bir ay ərzində icra şöbəsi əmlak vergisinin tutulmasına nail ola bilər:
- Müvafiq sənədlər dedim; yəni, adı, soyadı, atasının adı, doğum tarixi və əmlakı barədə dəqiq məlumatı əks etdirən bələdiyyə qərarını nəzərdə tuturam. intizamsız vətəndaş bunları öz xoşu ilə heç vaxt təqdim etmir. Bu məlumatlardan əgər biri yerində olmazsa icra şöbəsinə müraciətin mənası da olmur. Qanuna edilən bu son dəyişiklik əMDK-nin məlumat bazasından əmlakın sahibi və sahəsi haqqında səhih məlumat almağa yardım edə bilər. Yəni vətəndaşın əmlakıyla bağlı məlumatı əldə etməklə artıq şəxsin vergisini dəqiqləşdirmək və icraata yönəltmək mümkün olacaqdır.
Beləliklə, əmlak vergisnin yığımında bələdiyyələrin qarşılaşdığı iki əsas problemdən biri artıq öz həllini tapmaq üzrədir.
Birincisi əmlakın çıxarışı olan lakin vergi ödəməsindən yayınmalar, ikincisi isə bələdiyyə ərazisində çoxsaylı yeni tikililərdə yaşayış olmasına baxmayaraq “çıxarışsız” olmasını əldə rəhbər tutaraq yayınmalardır.
Mənzil haqqında hər hansı məlumat üçün bələdiyyələrdən ödənişin tələb edilməsində mövcud olan ədalətsizlik artıq aradan qaldırılır. Hər bir məlumata görə 11 manatın ödənilməsi bələdiyyələri bəzi hallarda çıxılmaz vəziyyətə salır. Təsəvvür edin ki, 10 manat vergi almaq üçün bələdiyyə 11 manat ödəməlidir ki, məlumatı dəqiqləşdirsin. Bu dəyişiklik qüvvəyə minərsə düşünürəm ki, bələdiyyə büdcəsində itkilər azalacaqdır, bələdiyyələrin maliyyə vəziyyətinə bir xeyli kömək etmiş olacaqdır. Mənzil məcəlləsinin 112 maddəsidə (Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir), Mülki məcəllənin 178.8 maddəsində (Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər) və Vergi məcəlləsinini 198.1.1-ci maddəsində (onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə — onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur ) təzadlı məqamın olması nəticə etibariylə sənədsiz mənzilləri vergiyə cəlb edilməsinə tam şərait yaratmır. Odur ki, təklif edərdik ki, bu məsələyə də aydınlıq gətirilsin. Sadəcə məcəllədə “xüsusi mülkiyyətində” ifadəsi “istifadəsində olan mülkiyyət”lə əvəzlənməsi problemi birdəfəlik həll etmiş olacaqdır. Nəticədə bələdiyyə büdcəsinə 100 minlərlə manat vəsait daxil olacaqdır. Lakin bu problemi də kökündən həll etmək üçün MTK-nın “müqavilə”si əsasında yeni tikililərdə yaşayan vətəndaşlara çıxarış verilməlidir.
Belə olduqda həm dövlət büdcəsinə milyonlarla vəsait daxil olar həm də bələdiyyə büdcələri inkişaf edər. Ümumiyyətlə yeni tikililərdə mənzillər elə tikinti dövründən əMDK tərəfindən hansısa bir üsulla pasportlaşdırıla bilsə, bir mənzilin də bir neçə vətəndaşa satılması kimi dələduzluq halları da aradan qalxar. Bələdiyyələrdə əvvəlcədən potensial vergi ödəyicilərinin məlumatlarını əldə etmiş olar.
Belediyye.info